XƏBƏRLƏR
19:55, 12.04.2017
Tibb Problemləri üzrə Elmi Şuranın iclasında mühüm məsələlər müzakirə olunub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA-nın müxbir üzvü Nuru Bayramovun sədrliyi ilə keçirilən iclasda öncə Akademiyanın illik ümumi yığıncağına hazırlıq işləri ilə bağlı bəzi məsələlər diqqətə çatdırılıb. Bildirilib ki, aprelin 28-də keçiriləcək illik ümumi yığıncaqda AMEA-nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilmiş AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Daha sonra AMEA-nın müxbir üzvü N.Bayramov Biologiya və Tibb Elmləri Bölməsinin veb saytında yaradılmış “Dissertasiyalar” və “Tədqiqat metodları” üzrə məlumat-axtarış sistemi haqqında məlumat verib. Bildirib ki, dissetasiyaların və tədqiqat üsullarının elektron qeydiyyat bazası AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə yaradılıb. Dissertasiyalar üzrə məlumat-axtarış sisteminin yaradılmasında əsas məqsəd tədqiqat işlərinin koordinasiyasının sadələşdirilməsi, dissertasiya mövzularında təkrarçılığın aradan qaldırılmasıdır. Tədqiqat metodları üzrə məlumat-axtarış sistemi vasitəsilə isə elmi-tədqiqat işlərinin aparıldığı müəssisə və təşkilatlar barədə məlumat əldə olunacaq, materialların araşdırılması daha səmərəli olacaq. 

N.Bayramov saytda “Dissertasiyalar” üzrə məlumatların 9, “Tədqiqat metodları” üzrə məlumatların isə 4 kateqoriyada qruplaşdırıldığını diqqətə çatdırıb.

Tədbirdə şura üzvləri yeni yaradılmış elektron məlumat-axtarış sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiya baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə şuraya təqdim olunmuş dissertasiya mövzularının müzakirəsi aparılıb.

 

©http://bteb.science.gov.az/az/news/1203/