XƏBƏRLƏR
11:37, 11.04.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru İpəkçilik Assosiasiyasının (BACSA) Şəkidə keçirilən VIII Beynəlxalq konfrasında iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və instutun Kənd təsərrüfatı heyvanları şöbəsinin aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Şəki şəhərində ezamiyyətdə olmuşlar.

Onlar Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) “İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda keçirilən VIII beynəlxalq konfransında iştirak etmişlər. AMEA və Şəki Regioal Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirə Azərbaycanın bir sıra institut və təşkilatları ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan olan görkəmli alim və mütəxəssislər də dəvət olunmuşdur.

Konfransda institutun direktoru Z.Əkpərov “Azərbaycanda ipəkçiliyin inkişafına elmi-innovativ yanaşma” mövzusunda  məruzə etmiş, ölkənin qeyri-neft sektorunun əsas prioriteti olan aqrar sahənin inkişafına dövlət dəstəyi haqqında geniş məlumat vermişdir.

Həmçinin o vurğulamışdır ki, AMEA-nın GEİ, ŞREM, İdarəetmə Sistemləri İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu tərəfindən “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” adlı ikiillik layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənərək qalib layihələr sırasında olmuşdur.

Tədbirdə, həmçinin “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri”, “İpəkqurdu febrininin kontur vasitəsilə izotermik qüvvətləndirməsi”, “Tut meyvə istehlakının lipid profilləri üzərindəki təsirləri, hiperkolesterolemik xəstələrdə antioksidant və iltihab vəziyyəti” və digər aktual məsələlərə dair məruzələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır. 

Səfər çərçivəsində dəvət olunan xarici nümayəndələrlə bir sıra görüşlər keçirilmiş və gələcəkdə GEİ ilə qarşılıqlı elmi əlaqələrin qurulması imkanları müzakirə edilmişdir.

 

 

FOTO>>>

 

 ©  www.genres.az