XƏBƏRLƏR
18:40, 05.04.2017
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov öncə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, biologiya və tibb elmləri sahəsinə verdiyi mühüm töhfələrə və elmi fəaliyyətlərinə görə fərqlənən bir neçə alim BTEB-nin Fəxri fərmanı ilə təltif olunublar.

Sonra Ə.Əmiraslanov AMEA Botanika İnstitutunun Biofizika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İnna Qurbanovanı 80, həmin institutun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Rəna Ağabəylini 70 və Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Səyyarə İbadullayevanı isə 60 illik yubileyləri münasibətilə təbrik edərək onlara Fəxri fərmanları təqdim etdi. Alim yubliyarları təbrik etdi, hər birinə can sağlığı, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov və aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynovanın həmmüəllif olduqları “Azərbaycan milli torpaq təsnifatının beynəlxalq sistemə inteqrasiyası” əlyazmasının çap olunması barədə məlumatları diqqətə çatdırdı.

Daha sonra akademik Ə.Əmiraslanov “AMEA-nın professoru” elmi adı haqqında məlumat verdi. Bildirdi ki, bu ad AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təqdim olunur.

Alim “AMEA-nın professsoru” elmi adının verilməsi üzrə BTEB-in nəzdində Ekspert komissiyasının yaradılması barədə məlumat verdi. İclasda akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Zeynal Əkpərov komissiyanın üzvləri, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov isə elmi katibi seçildi.

Ə.Əmiraslanov BTEB-in elmi təşkilatlarının AMEA-nın Ümumi Yığıncağında təqdim olunması üçün hazırladığı video-roliklər, sərgi materialları və s. haqqında da məlumat verdi.

Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın elmi müəssisə və təşkilatları arasında ötən il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyənləşdirilməsi ilə bağlı aparılan monitorinqin nəticələrindən danışdı. Bildirdi ki, AMEA-nın bir çox institut və təşkilatının veb-saytı yenidən işlənmiş, onların fəaliyyəti təkmilləşdirilmişdir. Saytların fəaliyyətini stimullaşdırmaq, elmin populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan yaradıcı kollektivi həvəsləndirmək baxımından belə bir müsabiqənin keçirilməsi təqdirəlayiqdir. O, bölməyə daxil olan elmi müəssisələrin veb-saytlarının öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə qurmalarının önəmini vurğuladı.

Məruzəçi, həmçinin bölmə əməkdaşlarının dünyanın nüfuzlu, impakt faktorlu jurnallarda nəşr olunan məqalələri və əldə etdikləri mühüm nəticələrə dair məlumat verdi.

Tədbirdə Tibb problemləri üzrə Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov dissetasiyaların və tədqiqat üsullarının elektron qeydiyyat bazası haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, bu baza vasitəsilə elmi məqalə və dissertasiyalarda təkrarçılıq aradan qaldırılacaq, tədqiqat üsulları daha səmərəli olacaq. Qeyd etdi ki, tədqiqat işlərinin koordinasiyasının sadələşdirilməsi və plagiatlığın aradan qaldırılması elmi tədqiqatçıların işini asanlaşdıracaq.

İclasda, həmçinin AMEA Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Novruz Quliyevin 65, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Paşa Zamanovun 90 illik yubileylərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı,  bir sıra kadr məsələləri müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

 

FOTO>>>

 

©  www.science.gov.az