Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Biokimya şöbəsinin elmi işçisi Ülkər Əhmədli və İmmunogenetika şöbəsinin elmi işçisi Səbinə Fərhadova Türkiyədə 5 günlük ezamiyyətdə olmuşlar.
Onlar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Ankara şəhərində təşkil olunan “Genetik modifikasiya olunmuş bitkilərin identifikasiyası, monitorinqi və risk analizi” üzrə regional təlim seminarında iştirak etmişlər. Ümumilikdə 32 iştirakçıdan ibarət təlimə 5 ölkədən, Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan nümayəndələr qatılmışdır. Azərbaycanı Beynəlxalq tədbirdə AMEA Genetik Ehtiyatlar İnstitutu, Elmi Tədqiqat və Əkinçilik İnstitutu, Tərəvəzçilik İnstitutu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi daxil olmaqla, 4 qurum təmsil etmişdir.
Rus və ingilis dillərində təşkil olunan seminarı FAO-nun Türkiyədəki təmsilçisi Yuriko Şodji açmışdır. Seminarın müşavirləri Nevena Aleksandrova-Stefanova, Ceremi Svit, Aleksey Tarasev tərəfindən kənd təsərrüfatı texnologiyaları, biotəhlükəsizlik, qida məhsullarının təhlükəsizliyi, informasiya mübadiləsinə aid əsaslar və bu kimi mövzularda mühazirələr təqdim edilmişdir. Tədbirdə həmçinin, iştirakçı ölkələr tərəfindən “Ölkədə Biotəhlükəsizlik qanununun vəziyyəti” haqda çıxışlar edilmişdir.
Təlim müddətində iştirakçılara Ankarada yerləşən Beynəlxalq Qida Referans Laboratoriyası və Ankara Qida Nəzarəti Laboratoriyası ilə tanışlıq keçirilmişdir.
Sonda seminara qatılan nümayəndələrin hər biri FAO tərəfindən sertifikatlarla təltif olunmuşdur.