Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının birgə iclasında institutun 2016-cı il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı müzakirə edilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək 2016-cı ildə institutun elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, həmçinin mövcud problemlər haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, institut AR Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, həmçinin dövlət proqramları üzrə tapşırıqları vaxtında və tam şəkildə yerinə yetirmişdir. Cari ildə institutda 1 istiqamətdə 2 problemin həllinə yönəlmiş 14 mövzu üzrə 22 elmi-tədqiqat işi aparılmışdır. Nəticədə bir sıra mühüm nailiyyətlər əldə edilmiş, institut əməkdaşları tərəfindən 181 elmi əsər çap olunmuşdur. Onlardan 2-si kitab, 5-i monoqrafiya (3-ü xaricdə), 95-i məqalə (31-i xaricdə), 79-u tezisdir (35-i xaricdə). 15 məqalə impakt faktorlu jurnallarda çap edilmiş, elmi əsərlərə 100-ə yaxın istinad olunmuşdur.
Z.Əkpərov bildirmişdir ki, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi sahəsində bir sıra yeniliklərə nail olunmuş, yerli və xarici təhsil və tədqiqat mərkəzləri ilə kadr hazırlığı və birgə tədqiqatları nəzərdə tutan əməkdaşlıq sazişləri imzalanmışdır. Cari ildə institutda 4 nəfər magistraturaya qəbul olunmuşdur. Tibbi və insan genetikası sahələrində xaricdə təhsil almış 5 tədqiqatçı (2 fəlsəfə doktoru və 3 magistr dərəcəli) cəlb edilərək Biotexnologiya şöbəsinin tərkibində “İnsan genetikası” qrupu yaradılmışdır.
İnstitutun və KEW Kral Botanika Bağlarının (London, Böyük Britaniya) təşkilatçılığı ilə beynəlxalq təlim kursu keçirilmişdir. Bundan əlavə, Azərbaycan və ingilis dillərində 24 müxtəlif vebinar və seminarlar təşkil olunmuşdur.
Hesabat dinlənildikdən sonra şura üzvləri professor Ramiz Əliyev, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov çıxış edərək 2016-cı ildə aparılan tədqiqat işlərini və alınan elmi nəticələri yüksək qiymətləndirmiş, həmçinin bir sıra mövcud problemlər və onların həlli yolları haqqında təkliflər irəli sürmüşlər.
Sonda elmi tədqiqat işlərinin mühüm nəticələri təsdiq edilərək, hesabat qəbul olunmuşdur.