XƏBƏRLƏR
11:45, 28.07.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı İtaliyada Beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov İtaliyada 5 günlük ezamiyyətdə olmuşdur. O, Roma şəhərində yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş qərargahında Heyvan Genetik Ehtiyatları üzrə Dövlətlərarası İşçi Qrupunun 9-cu sessiyasında iştirak etmişdir.

Səfərin keçirilməsində əsas məqsəd heyvan genetik müxtəlifliyi informasiya sisteminin (DAD-IS) FENIX platformasında veb əsaslı statistik sistemə inteqrasiyası, yeni vebsaytın demo versiyası ilə tanışlıq, ev heyvanlarının genetik ehtiyatları ilə bağlı bir sıra sənədlərin müzakirəsi və bununla bağlı yekun hesabatın hazırlanması olmuşdur.

 A.Məmmədov tədbirin ilk iki günü regional işçi qrupunun hazırladığı “Heyvan Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi və yenilənməsi”, “Heyvan Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi üçün Maliyyələşdirilmə Strategiyası”, “Heyvan Genetik Ehtiyatlarından müştərək istifadənin faydası və əlçatanlılıq”, “Çoxillik Fəaliyyət Proqramı” adlı sənədlərin, növbəti üç günü isə ümumi yığıncağın müzakirələrində fəal iştirak etmişdir.
 Sonda Dövlətlərarası İşçi Qrupu tərəfindən hazırlanmış hesabat geniş müzakirə olunaraq qəbul olunmuşdur.
A.Məmmədov səfər müddətində FAO-nun Heyvan Genetik Ehtiyatları Bölməsinin bir sıra rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirmiş və FAO-nun müvafiq sturukturları ilə GEİ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanlarını müzakirə etmişdir.