NƏŞRLƏRKitablar
11:31, 14.05.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşının "Azərbaycanın bitki aləmi" adlı kitabı çapdan çıxmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərovun “Azərbaycanın bitki aləmi” kitabı çapdan çıxmışdır.

 Kitab Azərbaycanın zəngin və rəngarəng bitki aləminə həsr olunan, Azərbaycan dilində yazılmış ilk fundamental əsərdir.

Botaniklərin aşkarladığı və müəllifin 1970-ci ildən apardığı tədqiqatlar nəticəsində müəyyən etdiyi 250 cinsə aid 900-dən çox yeni taksonun daxil edildiyi topluda Qarabağ florasının işğaldan əvvəlki vəziyətinə dair  məlumatlar da öz əksini tapmışdır.

Kitabda 159 fəsilə və 1117 cinsə aid 4961 ali bitki növü, o cümlədən ölkəmizin  yabanı florasında yayılmış 4557 növ haqda  müfəssəl məlumat verilir. Yabanı müxtəlifliklə yanaşı kulturada olan və az – çox dərəcədə naturalizə olunmuş 404 növ,  Azərbaycan florasının unikal genofondunu təşkil edən 146 endem  və 402 subendem bitki, habelə  bitki örtüyünə invaziya olunmuş (advent, gəlmə) növlər  haqda məlumat da əsərə daxil edilmişdir.  İri sistematik qruplardan relikt (qədim) qıjıkimilər  təyinedici formatında daha geniş təhlil olunmuşdur. Topluda çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin təhlili zamanı onların dünyada, Qafqazda və o cümlədən Azərbaycanda yayılması, ekoloji, coğrafi səciyyəsi, əsas morfoloji nişanələri, əhəmiyyəti və daha sonra cins daxilində növlərin müasir Beynəlxalq nomenklatura tələblərinə uyğun dəqiqləşdirilmiş siyahısı təqdim olunur. Əsərdə yabanı floramızın təxminən 400 növdən çoxunun nadir və nəsli kəsilməkdə olması, onların müasir vəziyyəti, qorunub gələcək nəsillərə çatdırılması yollarından da bəhs edilir. Kitabın sonunda Azərbaycanın endem və subendem növlərinin, eləcə də  “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın hər iki nəşrinə (1989, 2013) daxil edilmiş növlərin siyahısı verilmişdir.

Nəfis şəkildə nəşr olunmuş 444 səhifəlik kitaba Azərbaycanın bitki aləmi və xüsusən onun nadir və nəsli kəsilməkdə olan növlərinə aid 300-ə yaxın rəngli foto daxil edilmişdir.

Əsər Azərbaycanın bitki aləmi, xüsusən onun yabanı biomüxtəlifliyi sahəsində çalışan mütəxəssislər, botaniklər, ekoloqlar, tələbələr və Azərbaycan təbiəti ilə maraqlananlar üçün dəyərli vəsaitdir. 

 

 

FOTO>>>

 

©  www.genres.az