Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun “Beynəlxalq əlaqələr, informasiya və koordinasiya” şöbəsinin baş mütəxəssisi və İnstitutun dissertantı İlhamə Mirzəliyeva Çex Respublikasının Praqa şəhərində 1 həftəlik elmi ezamiyyətdə olmuşdur.
O, Çexiyanın Praqa şəhərində yerləşən Bitki Genetik Ehtiyatları İnstitutunda, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (QEF) maliyyə yardımı ilə təşkil edilən GRİN-Global Seminarında (GRİN - Rüşeym plazması Ehtiyatlarının İnformasiya Şəbəkəsi) iştirak etmişdir.
GRIN-Global (GG) genbanklar üçün bitki genetik ehtiyatları ilə əlaqəli informasiyanın saxlanılmasını, idarə olunmasını və global şəkildə paylanmasını təmin edən server əsaslı bir məlumat bazası - tətbiqi proqramdır. GRIN-Global layhəsinin məqsədi Rüşeym plazması Ehtiyatlarının İnformasiya Şəbəkəsinin geniş miqyaslı versiyasını dünyada olan bütün Genbankların istifadəsi üçün əlverişli etməkdir.
İlkin versiya 1.0.7. - 2011-ci ilin dekabr ayında QEF-in, Beynəlxalq Biomüxtəliflik İnstitutunun və Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin (USDA) birgə səyi nəticəsində reallaşdırılmışdır.
Seminarda Azərbaycan, Kolumbiya, Livan, İordaniya, Fransa, Meksika, Peru, Belçika, Portuqaliya, Almaniya, Hindistan daxil olmaqla, 18 ölkədən 30–a yaxın alim və mütəxəssis iştirak etmişdir.
Seminarin məruzəçiləri QEF-in ABŞ ofisindən Dr.Martin Reisinger və CIMMYT (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, Meksika) ofisindən Xuan Karlos Alarkon olmuşdur. Seminarda bitki genetik ehtiyatları üzrə qlobal informasiya sisteminin yaradılması və milli sistemlərin buraya inteqrasiyası, həmçinin məlumatların idarə olunması və onların təhlükəsizliyi məsələləri geniş müzakirə edilmişdir.
Seminar müddətində Çexiyanın Milli Genbankına səfər təşkil olunmuş, burada həmçinin ikitərəfli əlaqələrdən də bəhs edilmişdir.