XƏBƏRLƏR
20:59, 19.12.2015
Genetik Ehtiyatlar İnstitutunda görüş keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən elan edilmiş Azərbaycan elminin prioritetləri, fundomental və innovativ-tətbiqi xarakterli multidissiplinar tədqiqatların dövrün tələbləri səviyyəsində gücləndirilməsi problemləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Mövcud elmi avadanlıqlardan və alim potensialından daha səmərəli istifadə edilməsi, müasir yüksək texnologiyaların transferi, kadr hazırlığında beynəlxalq əlaqələndirmənin və xarici elmi mərkəzlərin rolu və s. bu kimi məsələlər də müzakirə obyektləri sırasında olmuşdur.

Akademik İbrahim Quliyev son 3 ildə AMEA-da elmi əsaslandırılmış islahatların və ciddi struktur dəyişikliklərinin aparılması, əksər institutların maddi-texniki bazasının gücləndirilməsi, elmlə təhsilin uğurlu inteqrasiyasının təmin edilməsi, bacarıqlı və xarici dilləri mükəmməl bilən xeyli sayda istedadlı gəncin AMEA-ya cəlb edilməsi haqqında danışmışdır. O, institut direktorlarına alimlər tərəfindən əldə olunaraq beynəlxalq jurnallarda dərc edilmiş tədqiqat nəticələrinin məcmuə şəklində toplanılmasını və yayılmasını tövsiyə etmişdir. Akademik İ.Quliyev GEİ-nin müasir tədqiqat laboratoriyalarında və Milli Genbankda mövcud olan avadanlıq və cihazlardan, xüsusən də Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə AMEA-nın digər institutları ilə birgə tədqiqatlar aparılmasının məqsədəmüvafiq olduğuna diqqət çəkmişdir.

GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Z.Əkpərov İnstitutun fəaliyyət istiqamətləri və kadr potensialı haqqında məlumat vermişdir. O, genetik ehtiyatlar sahəsində elmi tədqiqatların ənənəvi metodlardan molekulyar və genom səviyyəsinə keçirilməsinin dövrün tələbi olduğuna diqqət çəkərək GEİ-də bu istiqamətdə atılan addımlardan danışmışdır. Son illərdə İnstitutun laboratoriyaları müasir avadanlıq və cihazlarla təchiz edilmiş, yeni Biotexnologiya şöbəsi yaradılmış, 90-a yaxın gənc alim və tədqiqatçı elmi tədqiqatlara cəlb olunmuş, Bakı Dövlət və Azərbaycan Dövlət Aqrar universitetlərinin institutda baza kafedraları yaradılmışdır. 2015-ci ildən isə GEİ-də ali təhsilin magistratura pilləsi təşkil edilmişdir.

Biologiya üzrə elmlər doktoru Ulduz Həşimova son illərdə İ.Qarayev adına Fiziologiya İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri haqqında məlumat vermişdir. O bildirmişdir ki, fiziologiya və genetik ehtiyatlar sahəsində fənlərarası tədqiqatların aparılması üçün geniş imkanlar vardır.

Bu məqsədlə GEİ-də yaradılmış şəraitdən istifadə etməklə və müvafiq sahə alimlərinin cəlb olunması ilə müştərək elmi tədqiqat işlərinin aparılması qərara alınmışdır.

 

 

FOTO>>>

 

©  www.genres.az