XƏBƏRLƏR
19:56, 30.11.2015
AMEA Genetik Ehtiyatlar İnstitutunda Respublika Elm Tədqiqatların Əlaqələndirilməsi Şurasının ilk iclası keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Respublika Elm Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə elmi şura”sının (Elmi Şura) ilk iclası keçirilmişdir. İclasda AMEA-nı və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzini (AEİMM) təmsil edən və müvafiq elm sahələrində fəaliyyət göstərən tanınmış alimlər iştirak etmişlər. Toplantını Elmi Şuranın sədri, AMEA GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov aparmışdır. İclasın gündəliyinə müvafiq olaraq aqrar elmin prioritet problemləri, Elmi Şuranın əsasnaməsi çərçivəsində qarşıda duran vəzifələr, Şuranın seksiyalarının və işçi qrupunun təşkili, AMEA-nın və AEİMM-in tabeliyində olan elmi tədqiqat müəssisələrin mövzu planları, dissertasiya mövzuları və s. haqqında məsələlər müzakirə edilmişdir.

Müvafiq elmi sahələrin əlaqələndirilməsində mühüm addım olan bu mötəbər tədbirdə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetləri, alimlər qarşısında qoyduğu və həyata keçirilməsi zəruri olan yeni mühüm vəzifələr və AMEA Rəyasət Heyətinin həmin prioritet və vəzifələrin icrası ilə bağlı 18 noyabr 2015-ci il tarixli, 17/1 nömrəli Qərarı geniş müzakirə edilərək bəyənilmiş və bu məsələ ilə bağlı QƏRAR qəbul edilmişdir.

İclasın gündəliyində duran digər məsələlərlə də bağlı hərtərəfli fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Şuranın növbəti toplantısının Gəncə şəhərində regionda yerləşən elmi tədqiqat və ali təhsil müəssisələri ilə birgə keçirilməsi qərara alınmışdır.

 

FOTO>>>

 

©  www.genres.az