Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Güllər Qədiməliyeva İngiltərədə Wakehurst Place, Millenium Toxum Bankında (MSBP) Toxum saxlanmasının texniki üsulları təlim kursunda (Seed Conservation Techniques training course) iştirak etmişdir.
Qeyd edək ki, Millenium Toxum Bankı Əməkdaşlığı nəslinin kəsilmək təhlükəsi ilə üzləşən yabanı bitki növlərinin qorunması və istifadəsini mərkəzləşdirən dünyada ən geniş ex-situ bitki saxlanması şəbəkəsidir və gələcək üçün böyük əhəmiyyət daşıyır.
Doktorant 3 həftəlik kurs müddətində Genbanka daxil olacaq kolleksiya materialının təcrübi toplanması, hazırlanması, qurudulması, nəmliyin qiymətləndirilməsi və yabanı növlərin toxumlarının cücərməsinin yoxlanması təlimi keçmişdir. Həmçinin toxum nəmliyinin nəzəri bilikləri, toxum saxlanması qaydaları, saxlanılan toxumun həyatiliyinin proqnozlaşdırılması, toxum bankının təşkili və idarə edilməsinin praktiki və nəzəri aspektlərini dərindən mənimsəmişdir.
Kursun sonunda fəaliyyət planı müəyyənləşdirilmiş və G.Qədiməliyeva sertifikata layiq görülmüşdür.