Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın 70 illik yubiley tədbirlərində Belarus Milli Elmlər Akademiyasını (BMEA) təmsil edən tanınmış alim, BMEA-nın Baş Elmi Katibi, BMEA-nın akademiki, biologiya elmlər doktoru, professor Aleksandr Vladimiroviç Kilçevskini qəbul etmişdir.
Görüş zamanı Z.Əkpərov GEİ-nin tarixi, strukturu, burada aparılan elmi tədqiqatların məzmunu, institut alimlərinin müvafiq elmin ən müasir istiqamətlərində əldə edilmiş nailiyyətləri, bu günə qədər Belarus institutları ilə birgə həyata keçirilmiş layihələr haqqında ətraflı məlumat vermiş, Azərbaycanda genetik ehtiyatlar sahəsində son dövrlər xüsusilə inkişaf etdirilmiş milli qanunvericilik, yeni idarəetmə sistemi və bu sistemə göstərilən dövlət dəstəyi haqqında söhbət açmışdır.
A.V.Kilçevski isə öz növbəsində səmimi qəbul və uzun illər davam edən birgə elmi əməkdaşlıq üçün təşəkkürlərini bildirmiş, ümumən Belarus Respublikasının elmi tədqiqat müəssisələrində, xüsusən də 2004-2014-cü illərdə direktoru olduğu BMEA Genetika və Sitologiya İnstitutunda maddi-texniki bazanın təkmilləşdirilməsi, ən müasir laboratoriyaların qurulması və aparılan modern tədqiqatlar haqqında məlumat vermişdir. BMEA-nın institutlarında və GEİ-də oxşar mövzular üzrə, o cümlədən Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə tədqiqat işlərinin aparması xüsusi vurğulanmış, genetik ehtiyatların həm kompleks və müqayisəli tədqiqi, həm də seleksiyada səmərəli istifadəsi sahələrində əməkdaşlıq istiqamətlərinin və imkanlarının zəngin olduğu bildirilmişdir. A.V.Kilçevski GEİ-nin alimləri ilə birgə yaradılmış və artıq Belarus Respublikasında rayonlaşdırılmış ilk Belarus-Azərbaycan pomidor sortunun sertifikatını Z.Əkpərova təqdim etmişdir. O da vurğulanmışdır ki, iki ölkənin bitki nümunələrinin birgə öyrənilməsi və istifadəsi üzrə çox əhəmiyyətli yeni layihələr mövcuddur və bu layihələrdən biri Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna və Belarus Respublikasının Elm Fonduna təqdim edilmişdir.
Görüşdə, həmçinin GEİ ilə Belarus institutları arasında biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilər, marker əsaslı seleksiya və genom texnologiyaları üzrə digər birgə layihələrin həyata keçirilməsi, genetik material, ədəbiyyat, alim heyəti və tədqiqat nəticələri ilə mübadilə, eləcə də kadr hazırlığı üzrə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsi qərara alınmışdır.
Qonaq alim Milli Genbank, GEİ-nin şöbə və laboratoriyaları və xüsusən də Biotexnologiya şöbəsinin imkanları ilə tanış olmuş, modern tədqiqatlar üzrə burada yaradılmış imkanlardan və gənc kadr potensialından məmnun qaldığını bildirmişdir.
Akademik A.V.Kilçevski institutun akt zalında “Belarus Respublikasında genom biotexnologiyasının inkişafı” mövzusunda geniş elmi seminar vermiş, institut alimlərinin çoxsaylı suallarını cavablandırmışdır.