Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, Mədəni Bitkilərin Genetik Ehtiyatları üzrə Elmi-Texniki Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İtaliyada elmi ezamiyyətdə olmuşdur. O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişinin Rəhbər Orqanının Roma şəhərində keçirilən 6-cı Sessiyasında Azərbaycanı bitki genetik ehtiyatları üzrə Milli Əlaqələndirici kimi təmsil etmişdir.
Bir həftə davam edən və dünyanın 150-dən çox ölkəsinin iştirak etdiyi bu mötəbər beynəlxalq tədbirdə qlobal ekoloji dəyişikliklər fonunda bitki genetik ehtiyatlarının (BGE) mühafizəsinin mövcud vəziyyəti, mübadilə və səmərəli istifadəsi ilə bağlı milli qanunvericiliklər, dövlətlərin hüquq və vəzifələri, beynəlxalq qanunvericiliyin və əlaqələndirmənin yaxşılaşdırılması problemləri, seleksiyaçıların və fermerlərin hüquqları, BGE üzrə Qlobal İnformasiya Sisteminin gücləndirilməsi məsələləri geniş müzakirə mövzuları olmuşdur.
Sessiyanın gedişində AMEA-nın müxbir üzvü Z.Əkpərov Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişin Rəhbər Orqanının sədri Dr. Şakil Bhatti və, eləcə də FAO-nun Genetik Ehtiyatlar Komissiyasının rəhbər vəzifəli şəxsləri ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirmiş, bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Dr. Şakil Bhatti və FAO rəsmiləri son illərdə Azərbaycanda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində milli qanunvericiliyin və idarəetmənin yaxşılaşdırılmasından, elmi, texniki və təlim fəaliyyətlərinin intensivləşdirilməsindən, beynəlxalq münasibətlərdə ölkənin tutduğu mövqedən məmnunluq ifadə etmişlər. Onlar həmçinin AMEA GEİ-nin Milli Əlaqələndirici institut kimi fəaliyyətini də təqdir etdiklərini bildirmişlər. Görüşlərdə Z.Əkpərov vurğulamışdır ki, Azərbaycan Beynəlxalq Sazişə hələlik qoşulmasa da, onun Rəhbər Orqanı, Tərəfləri və FAO-nun strukturları ilə müvafiq sahələrdə hərtərəfli əməkdaşlıq əlaqələri saxlayır və daim inkişaf etdirir. O, Azərbaycanın regionda BGE sahəsində aparıcı roluna diqqət çəkmiş, ölkənin ən qısa zamanda Beynəlxalq Sazişin tam hüquqlu üzvü olması istiqamətində atılan addımlardan danışmışdır.
Şübhə yoxdur ki, Sessiyanın qərarları və yekun sənədləri yaxın gələcəkdə BGE sahəsində beynəlxalq əlaqələndirmənin və qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Azərbaycanın ən qısa zamanda Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişə qoşulması isə zamanın tələbidir.