XƏBƏRLƏR
13:12, 14.09.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı təhsilini İsveçrənin Bern Universitetində davam etdirəcəkdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda elmin müasir sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ciddi diqqət göstərilir. İnstitutun Biotexnologiya şöbəsinin elmi işçisi Tural Yarəhmədovun xüsusi müsabiqə yolu ilə İsveçrənin Bern Universitetinin (BU) doktorantura pilləsinə qəbul edilməsi buna əyani sübutdur. Üç illik doktorantura təhsili tanınmış alim, BU-nun professoru Cris Kuhlemeierin rəhbərliyi ilə universitetin “Bitki və tozlayıcıların qarşılıqlı əlaqəsinin genetikası” kafedrasında həyata keçiriləcəkdir.

Qeyd edilən doktorantura təhsili genetikanın müasir istiqamətləri üzrə institutun kadr potensialının gücləndirilməsinə, gənc mütəxəssisin yüksək təhsil alaraq daha dərin bilik və bacarıqlara yiyələnməsi kimi mühüm məqsədin həyata keçirilməsinə, həmçinin müvafiq universitetlə AMEA-nın gələcəkdə əməkdaşlıq imkanlarının artırılmasına əhəmiyyətli kömək göstərəcəkdir. 

T.Yarəhmədov 1999-2014-cü illərdə Moskva Dövlət Universitetində (MDU) “Biotexnologiya və Bioinformatika” ixtisası üzrə tam təhsil almış və  2014-2015-ci illərdə isə MDU-nun A.N.Belozerski adına Fiziki-Kimyəvi Biologiya Elmi Tədqiqat İnstitutunun Bitki zülalları laboratoriyasında professor E.N.Elpidinanın rəhbərliyi ilə transkriptom və genom analizi üzrə xüsusi hazırlıq kursu keçmişdir.

 

 FOTO>>>

 

©  www.genres.az