Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Springer nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində dünya üzrə aparıcı akademik nəşr sayılan impakt faktorlu "Genetic Resources and Crop Evolution" jurnalının redaksiya heyətinə üzv olmaq üçün dəvət almışdır. Nəşriyyatın həyat elmləri üzrə redaktoru Elodie Tronche tərəfindən imzalanmış dəvətnamədə deyilir: "Hörmətli Professor Zeynal Əkpərov, Sizin bitki genetik ehtiyatları sahəsində elmi xidmətlərinizi və nailiyyətlərinizi, Springer Nəşriyyatının elmi jurnalları, xüsusən də "Genetic Resources and Crop Evolution" jurnalı ilə elmi rəyçi kimi çoxillik əməkdaşlıq əlaqələrinizi nəzərə alaraq, qeyd edilən jurnalın redaksiya heyətinə daxil olmağınızı xahiş etməkdən məmnunluq duyuram. Ümid edirəm ki, Sizinlə yeni müstəvidə əməkdaşlıq jurnalın keyfiyyətinin daha da artırılmasına öz töhfəsini verəcəkdir".
Qeyd etmək lazımdır ki, Z.Əkpərovun tanınmış jurnalın redaksiya heyətinə üzv seçilməsi ona bütün digər üstünlüklərlə yanaşı, ildə burada çap edilmək üçün 10-12 ədəd məqalə təqdim etməyə imkan verəcəkdir. Bu da Azərbaycan elminin nüfuzunu daha da artıracaqdır.