Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, Genetik Modifikasiya olunmuş Bitkilər (GMO) üzrə Ekspert Şurasının üzvü, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov İtaliyada 3 günlük elmi ezamiyyətdə olmuşdur.
O, Avropa Şurasının Birgə Tədqiqatlar Mərkəzi (JRC) əsaslı Avropa İttifaqı Geni Dəyişdirilmiş Qida və Yemlər üzrə istinad (referens) laboratoriyasının (EURL-GMFF) dəvəti ilə İtaliyanın Varese şəhərində GMO analizlərinin Şəbəkələşməsi üzrə ikinci Beynəlxalq seminarda Azərbaycanı təmsil etmişdir. Tədbirdə 20-dən çox ölkədən GMO üzrə laboratoriyaların mütəxəssisləri, alim və tədqiqatçıları iştirak etmişdir.
2013-cü ildə təşkil olunmuş birinci tədbirin davamı olaraq keçirilən GMO analizlərinin Şəbəkələşməsi üzrə ikinci Beynəlxalq seminarda yol xəritəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi, GMO analizlərinin elmi-texniki aspektləri üzrə qlobal dialoqlarının təcrübə mübadiləsi və yaxşı təcrübə yolu ilə modelləşdirilməsi, GMO analizləri üzrə gələcək şəbəkələşmənin və qlobal harmonizasiyanın artırılması üzrə fəaliyyətlər müzakirə olunmuşdur.
A.Məmmədov Azərbaycanın da bu qlobal şəbəkəyə qoşulmasına nail olmuş, həmçinin gələcəkdə Avropa Komissiyasının xətti ilə GMO sınaqları üzrə yerli təlim və seminarlar keçirilməsi nəzərdə tutulmuşdur.
A.Məmmədov seminar çərçivəsində Milan şəhərində təşkil olunmuş EXPO 2015 beynəlxalq sərgidə də iştirak etmiş, Azərbaycan ilə yanaşı bir sıra ölkələrin (Türkiyə, ABŞ, Macarıstan və s.) Pavilyonları ilə də tanış olmuşdur.
Gənc tədqiqatçı seminardakı fəaliyyətinə görə sertifikata layiq görülmüşdür.