XƏBƏRLƏR
21:28, 27.07.2015
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda  (GEİ) “Transkripsiya hadisəsi və onun mərhələləri” mövzusunda elmi seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açmış, seminarın mövzusu və mühazirəçi haqqında məlumat vermişdir. O bildirmişdir ki, son dövrlərdə AMEA-da ciddi islahatlar həyata keçirilmiş, müasir laboratoriyalar qurulmuş və ən müasir avadanlıqlar alınmışdır. GEİ-də də bu istiqamətdə ciddi işlər həyata keçirilmiş, Genomika  və Virusologiya laboratoriyaları qurulmuşdur. Məlumdur ki, indi AMEA-da, o cümlədən GEİ-də fənnlərarası tədqiqat işlərinin aparılması üçün münbit şərait yaranmışdır. Biz çalışırıq ki, müxtəlif elm sahələrinin alimləri ilə birlikdə tədqiqat işləri aparaq və artıq GEİ-də keçirilən seminarlarda da biz multidissiplinar mövzulara üstünlük veririk.

Z.Əkpərov qeyd etmişdir ki, biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyev Bakı Dövlət Univesitetinin (BDU) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və SSR-nin ən güclü mərkəzlərindən olan Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda genetika ixtisasında “Mobil genetik elementlərin DNT ardıcıllıqlarının kompyuter kontekst analizi” mövzusu üzrə namizədlik işini müdafiə etmişdir. O hal-hazırda  GEİ-də aparıcı elmi işçi vəzifəsində çalışmaqla yanaşı, BDU və Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) molekulyar biologiya və bioinformatika fənlərini tədris edir.

V.Əmikişiyev seminarda  transkripsiya hadisəsinin kəşfi, mərhələləri, mexanizmi və bu sahədə aparılan tədqiqat işləri haqqında geniş məlumat vermiş, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılmış və müzakirələr aparılmışdır.

Seminarda GEİ-nin elmi şurasının üzvləri, aparıcı alimlər, gənc tədqiqatçılar, o cümlədən Azərbaycan Tibb Universitetinin, ADPU və AMEA Botanika İnstitutunun əməkdaşları iştirak etmişlər.

 

 

FOTO>>>