Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Tədbirdə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və universitetin əməkdaşları iştirak etmişlər.
Müqaviləyə əsasən kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq məqsədilə GEİ-nin nəzdində ADAU-nun “Baza Kafedrası” yaradılmışdır. Kafedranın yaradılmasında məqsəd ADAU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Genetika”, “Biotexnologiya”, “Virusologiya”, “Seleksiya və toxumçuluq”, “Tərəvəzçilik” və “Meyvəçilik” elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazrlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir. Baza kafedrasının fəaliyyət istiqamətləri haqqında İ.Cəfərov və Z.Əkpərov Universitetin elmi şurasında məruzə ilə çıxış etmişlər. Baza kafedrasında ADAU-nun magistr və doktorantlarının GEİ-nin əməkdaşları ilə birgə müasir üsullarla tədqiqat işləri aparmasının nəzərdə tutulduğu xüsusilə vurğulanmışdır.
İmzalama mərasimindən sonra AMEA-nın müxbir üzvü Z.Əkpərov “Aqronomluq” fakültəsinin professor-müəllim heyyəti qarşısında “Azərbaycanda Aqrar Elm və Təhsilin İnkişaf perspektivləri” mövzusunda çıxış etmişdir. Tədbirdən sonra ADAU-da yaradılmış yeni laboratoriyalara və auditoriyalara baxış keçirilmişdir. Z.Əkpərov universitetdə son illərdə aparılan köklü islahatları yüksək qiymətəndirmişdir.