XƏBƏRLƏR
16:10, 10.06.2015
Genetik Ehtiyatlar İnstitutunun direktoru Belarus Elmlər Akademiyasının əməkdaşını qəbul etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun (GSİ) direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Valentina Lemeşi qəbul etmişdir.

Görüş zamanı Z.Əkpərov GEİ-nin tarixi və şöbələri haqqında ətraflı məlumat vermiş, genetik ehtiyatlar sahəsində son dövrlər qəbul edilmiş qanunlar  və dövlət dəstəyi haqqında söhbət açmışdır.

V.Lemeş səmimi qəbul üçün təşəkkür etmiş, GSİ-də yeni qurulmuş müasir laboratoriyalar və aparılan tədqiqatlar haqqında məlumat vermişdir. Hər iki institutun oxşar mövzular üzrə tədqiqat işləri aparması, o cümlədən hər iki təşkilatda müxtəlif firmalara məxsus Yeni Nəsil Sekvenserlərinin olması xüsusi vurğulanmış və əməkdaşlıq istiqamətlərinin zəngin olduğu bildirilmişdir. Qonaq, həmçinin GEİ ilə biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilərin təyini, marker əsaslı seleksiya və Yeni Nəsil Sekvenser texnologiyası üzrə əməkdaşlıq edə biləcəklərini və birgə kadr hazırlığının aparılacağını qeyd etmişdir. Görüşdə hər iki təşkilatın Avropa Komissiyasının HORİZON-2020 proqramında, o cümlədən yerli fondların qrant layihələrində birgə əməkdaşlıq edəcəyi qərara alınmışdır.

Daha sonra Valentina Lemeş İnstitutun Milli genbankı və Biotexnologiya şöbəsinin imkanları ilə də tanış olmuşdur.

 

 

 

FOTO>>>