XƏBƏRLƏR
15:47, 09.06.2015
AMEA Genetik Ehtiyatlar İnstitutunda Beynəlxalq təlim kursu keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 5 günlük beynəlxalq təlim kursu keçirilmişdir.

Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli 5/3№-li Qərarı ilə maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmiş - "Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması" elmi tədqiqat proqramı çərçivəsində Bitkilərin yaxşılaşdırılmasında Yeni Nəsil Sekvenserlərinin tətbiqi” adlı kurs Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (İCARDA) və Yarım-Quraq Tropiklər üçün Bitki Tədqiqatları İnstitutunun (İCRİSAT) tanınmış alimlərinin iştirakı ilə baş tutmuşdur.

 Kursu  giriş sözü ilə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq qonaqları salamlamış, beynəlxalq mərkəzlərlə qurulmuş əməkdaşlıqdan danışmışdır. O, bildirmişdir ki, regionda ilk dəfə olaraq GEİ-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində Genomika laboratoriyası qurulmuşdur. Bakıya ikinci dəfə səfər edən İCARDA-nın Biotexnologiya şöbəsinin müdiri professor Aladdin Hamwieh Azərbaycanda olan inkişafı yüksək qiymətləndirmişdır. Professor qeyd etmişdir ki, onun ilk gəlişi 2011-ci ildə baş tutmuş və o zaman burada keçirilən təlim seminarında GEİ-nin gənc alimləri DNT-nin ekstraksiyası, molekulyar markerlər müasir biliklər əldə etmişdilər. İndi isə Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə tam genom və transkriptom analizi üzrə təlim kursu keçirilir. Bu da Azərbaycanda elmin müasir sahələrinin sürətlə inkişafının göstəricisidir.

İCRİSAT-ın Genomika mərkəzinin əməkdaşı professor Mahendar Thudi çıxışında  çalışdığı qurumun geniş imkanları haqqında məlumat vermiş, onların artıq 3 bitkinin genomunun oxunmasında iştirak etdiklərini söyləmiş və bu sahə üzrə dünyanın ən aparıcı mərkəzlərində biri olduqlarını bildirmişdir. Açılış mərasimində İCRİSAT-ın Genomika mərkəzinin əməkdaşı  Anu Chitikineni Yeni Nəsil Sekvenser Texnologiyası haqqında böyük auditoriya üçün mühazirə oxumuşdur. Açılış mərasimindən sonra qonaqlar GEİ-də fəaliyyət göstərən Milli Genbank, Biotexnologiya və Virusologiya laboratoriyaları ilə tanış olmuşlar. Daha sonra isə 25 nəfər gənc tədqiqatçının iştirakı ilə təlim kursu keçirilmişdir.  Kursda bitkilərin sekvens üsulu ilə genotipləşdirilməsi, de-novo və re-sekvensi, transkriptom analizi, alınan nəticələrin bioinformatik və biostatistik analizi üzrə geniş məlumat verilmiş və praktik məşğələlər keçirilmişdir. Seminar zamanı Darvin, Structure, Tassel, UNEAK kimi kompyuter proqramları da öyrədilmişdir.

Kursun sonuncu günü AMEA prezidenti akademik Akif Əlizadə, vitse-prezident akademik İbrahim Quliyev və Aqrar Elmlər Bölməsinin akademik katibi akademik Qərib Məmmədov İCARDA və İCRİSAT-ın nümayəndələri professor Aladdin Hamwieh və professor Mahendar Thudini  və GEİ-nin əməkdaşları ilə görüşlərində belə bir kursun GEİ-də keçirilməsini yüksək qiymətləndirmişlər. Akademik A.Əlizadə genomika, genetika və molekulyar seleksiya sahələri üzrə beynəlxalq mərkəzlərlə əməkdaşlığın gücləndirilməsi, tanınmış alimlərin uzunmüddətli İnstitutlara cəlb edilməsi, birgə kadrların hazırlanması, AMEA-da yeni yaradılmış magistratura hazırlığında da elmin ən yeni sahələri üzrə mövzuların seçilməsi, magistrlərin beynəlxalq mərkəzlərdə təlim kursu keçmələrinin təşkili üzrə öz tapşırıq və tövsiyələrini vermişdir.

 

 

FOTO>>>