XƏBƏRLƏR
00:28, 05.06.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Albaniyada elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun “Beynəlxalq əlaqələr, informasiya və koordinasiya” şöbəsinin baş mütəxəssisi İlhamə Mirzəliyeva Albaniyanın Tirana şəhərində 3 günlük elmi ezamiyyətdə olmuşdur.

O, burada bitki genetik ehtiyatları (BGE) üzrə Avropa Əməkdaşlıq Proqramı çərçivəsində Almaniyanın Gatersleben şəhərində yerləşən Leybniz Bitki Genetikası və Tədqiqatı (İPK)  İnstitutu və Albaniya Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən EURİSCO (Avropa İnternet Axtarış Kataloqu) Milli Koordinatorlarının Cənub-şərqi Avropa üçün  illik seminarında Azərbaycanı təmsil etmişdir. Seminarda 20 ölkədən 30-a yaxın  alim və mütəxəssis iştirak etmişdir.

Seminarın əsas məqsədi BGE üzrə Milli məlumat bazalarının EURİSCO platformasına inteqrasiyası məsələlərinin, məlumatların keyfiyyət və tamlığının təmin olunması problemləri və onların həlli yollarının müzakirəsi, bu sahələrdə və eləcə də proqram təminatında son yeniliklərlə tanışlıq olmuşdur.

İ.Mirzəliyeva seminarın proqramına uyğun olaraq Azərbaycanda bitki genetik ehtiyatlarının sənədləşdirilməsinin və umumiyyətlə  bitki genetik ehtiyatlarının vəziyyəti barəsində təqdimatla çıxış etmiş və 2015-ci il üçün Azərbaycan BGE məlumatlarının EURİSCO axtarış sistemində yenilənərək sayının 11898-ə çatdığını bildirmişdir.

Seminarın sonuncu günü Albaniyanın Kənd Təsərrüfatı Universitetində yerləşən Albaniya Genbankına səfər  təşkil olunmuşdur.

 

 

FOTO>>>