Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşlar. Onlar yeni yaradılmış laboratoriyalarla tanış olmuş və İnstitutun alimləri ilə fikir mübadiləsi aparmışlar.
İlk öncə, AMEA GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihəsi çərçivəsində GEİ-də molekulyar genetika və biotexnologiya sahəsinin ən müasir cihazlarından hesab olunan Yeni Nəsil Sekvenserləri (İon PGM və İon Proton) alınaraq quraşdırılmışdır. Bu cihazlardan dünyanın bir çox aparıcı beyin mərkəzlərində uğurla istifadə olunur. Belə ki, İon PGM sekvenseri ilə nisbətən kiçik (1 Gb), İon proton sekvenseri ilə isə böyük ölçüdə (10 Gb) informasiyanın oxunması həyata keçirilir. Bu texnologiyaların imkanlarından istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq, bitki genetik müxtəlifliyinin sekvens əsasında genotipləşdirilməsi, mühüm əhəmiyyət daşıyan bitkilərin de-novo və re-sekvensi, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, asossiativ və genetik xəritələnməsi, ekzom və transkriptom səviyyəsində tədqiqatlar aparılmasına başlanılmışdır. Yeni Nəsil Sekvenserlərindən səmərəli istifadə etmək üçün institutda 4 laboratoriya otağı ayrılmış, internet və elektrik cərəyanının sabitliyi və kəsilməzliyi təmin edilmiş, nəticələrin analizi üçün super kompyuter alınaraq quraşdırılmışdır. Z.Əkpərov qeyd etmişdir ki, yeni texnologiya ilə işləyə biləcək gənc kadrların hazırlanması işinə xüsusi diqqət yetirilmiş və layihə çərçivəsində iki nəfər gənc tədqiqatçı ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və Kanzas Dövlət Universitetinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında 21 günlük ezamiyyətdə olmuş və sekvenserin iş prinsipi, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasına qədər bütün mərhələləri, sekvens əsasında bitkilərin genotipləşdirilməsi metodikasını, o cümlədən nəticələrin analizi üsullarını öyrənmiş, Azərbaycan dilində təlimat hazırlamışlar. Hər iki Yeni Nəsil Sekvenseri ilə ilkin reaksiyalar uğurla yerinə yetirilmişdir.
Bundan başqa, iki nəfər gənc alim Fransanın Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzində (İNRA) 1 aylıq kurs keçmişlər. Layihə çərçivəsində 5 nəfər gənc tədqiqatçının bu ilin sonuna kimi ABŞ, Almaniya, İspaniya və Türkiyənin müvafiq laboratoriyalarında da təlim kurslarında iştirak etməsi planlaşdırılır. Bir gənc tədqiqatçı Moskva Dövlət Universitetində 10 aylıq təlim və tədqiqat proqramında iştirak edir. Daha 2 alim 1 il ərzində Varşava Dövlət Universitetində (Polşa) analoji proqramların iştirakçısı olmuşlar.
Yeni Nəsil Sekvenserləri ilə geniş tədqiqatların aparılması istiqamətində 2015-ci ildə GEİ-də AMEA tərəfindən maliyyələşdirilən “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” adlı elmi tədqiqat proqramının icrasına da başlanılmışdır. Bu proqram çərçivəsində növbəti 5 il ərzində mühüm ərzaq bitkilərinin sekvens əsasında genotipləşdirilməsi həyata keçiriləcək və bəzi bitkilərdə tam genom və transkriptom analizi aparılacaqdır. Bundan əlavə, yaxın zamanlarda yeni metodikaların öyrənilməsi, genomika və bioinformatika üzrə biliklərin artırılması məqsədilə beynəlxalq təşkilatların tanınmış mütəxəssislərinin iştirakı ilə yerli təlim kurslarının təşkil olunması da nəzərdə tutulmuşdur.
Daha sonra akademik Akif Əlizadə və akademik İbrahim Quliyev institutda ən müasir avadanlıqlarla təchiz edilmiş virusologiya laboratoriyası ilə tanış olmuşlar. Laboratoriyada aparılan işlər haqqında Prezidentə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, institut müvafiq tədqiqatlarda ABŞ, Fransa, Suriya, Livan və s. ölkələrin qabaqcıl elm mərkəzləri ilə geniş elmi əməkdaşlıq əlaqələri saxlayır. Yüksək ixtisaslı kadrların hazırlanmasında beynəlxalq təşkilatların imkanlarından istifadə olunur. Son illərdə immunogenetika, xüsusən virusologiya sahəsində bir neçə mühüm elmi nailiyyət əldə edilmişdir ki, bunlar yüksək impakt faktorlu jurnallarda çap edilmişdir.
Həmçinin AMEA-nın rəhbərləri Azərbaycanın bitki genofondunun toplanaraq mühafizə edildiyi Milli Genbankda olmuş, burada yaradılmış şərait, qorunub-saxlanan genetik müxtəliflik və aparılan tədqiqat işləri ilə tanış olmuşlar.
Eyni zamanda akademik A.Əlizadə və akademik İ.Quliyev EİF-in maliyyə dəstəyi ilə qurulmuş pambıq lifinin texnoloji analizi laboratoriyasında olmuş, burada çalışan yüksək ixtisaslı alimlərlə yeni avadanlıqların istifadəsinin yaratdığı imkanlar barədə fikir mübadiləsi aparmışlar.
Sonra AMEA-nın prezidenti və vitse-prezidenti EİF-in maliyyə dəstəyi ilə alınmış və işlək vəziyyətdə olan Mobil Aqrar Tədqiqatlar laboratoriyası ilə də tanış olmuşlar.
Akademik A.Əlizadə GEİ-də qurulmuş laboratoriyaları, aparılan tədqiqatların səviyyəsini və kadr potensialını yüksək qiymətləndirmiş, öz tapşırıq və tövsiyələrini vermişdir.