Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) seleksiyaçı alimi, professorRam Şarmanı qəbul etmişdir.
Görüş zamanı GEİ ilə İCARDA arasında aparılan birgə tədqiqatlar müzakirə edilmiş və doktoranturada təhsil alan gənclərin elmi tədqiqat işlərinin nəticələri təhlil edilmişdir.
Professorun elmi rəhbərliyi ilə İnstitutda 4 nəfər doktorant və dissertant buğda bitkisinin genetik müxtəlifliyi, keyfiyyət və kəmiyyət əlamətlərinin qiymətləndirilməsi, pas xəstəliyinə, duza və yüksək hərarət stresinə qarşı davamlılıq mövzuları üzrə tədqiqat işi aparır. R.Şarma gənc tədqiqatçıların işlərindən razı olduğunu bildirmiş və alınan nəticələr əsasında beynəlxalq konfranslar və jurnallar üçün elmi əsərlərin hazırlanacağını vurğulamışdır.
Professor Ram Şarma İnstitutun Yeni Nəsil Sekvenserləri ilə təchiz edilmiş Biotexnologiya şöbəsində və təcrübə sahəsində olmuş, oradamolekulyar genetika və seleksiya üzrə aparılan işlərlə tanış olmuşdur.