XƏBƏRLƏR
12:33, 01.04.2015
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Beynəlxalq kursda iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun “Beynəlxalq əlaqələr, informasiya və koordinasiya” şöbəsinin baş mütəxəssisi İlhamə Mirzəliyeva Mərakeş Krallığının Rabat şəhərində elmi ezamiyyətdə olmuşdur.

On iki günlük ezamiyyət müddətində o, Rabat şəhərində yerləşən Milli Aqrar Tədqiqatlar İnstitutunda (İNRA) “Genbankların sənədləşdirilməsində informasiyanın idarə olunması, bitkilərdə faydalı əlamətlərin aşkar edilməsində və kolleksiyaların təhlilində istifadə edilən informasiya texnologiyaları”  mövzusunda keçirilən beynəlxalq təlim kursunda iştirak etmişdir. Kurs Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) tərəfindən, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (GCDT) maliyyə dəstəyi ilə təşkil olunmuşdur. Kursu dünya üzrə tanınmış alimlər aparmış, 15 ölkədən olan 20-yə yaxın gənc alim və mütəxəssis iştirak etmişdir.

Kursun əsas məqsədi biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsinə, səciyyələndirmə məlumat bazalarının yaradılmasına cəlb edilən müasir informasiya texnologiyalarının (Coğrafi informasiya sistemləri - GİS, R-platform, Statistics, GRİN-Global,  veb-əsaslı informasiya sistemləri və s.) və müvafiq proqram təminatının öyrədilməsi, onların vasitəsi ilə təhlillərin aparılması, genbank idarəçiliyində informasiya xarakterli problemlərin araşdırılması olmuşdur.

Kurs müddətində həmçinin iştirakçıların Mərakeş Genbankına səfəri təşkil edilmiş, təcrübə mübadiləsi aparılmışdır.

İ.Mirzəliyeva kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülmüşdür.

 

 

FOTO>>>