Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyyatlar İnstitutunun əməkdaşları biologiya elmləri doktoru, professor Ramiz Əliyev və biologiya elmləri namizədi Afət Məmmədovanın Almaniyada “Heterozisin molekulyar-genetik aspektləri” adlı monoqrafiyası nəşr olunmuşdur.
Kitab heterozis hadisəsinin molekulyar-genetik əsasının öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuşdur. İlk dəfə olaraq müəyyən edilmişdir ki, heterozis bitki hibridlərinin somatik hüceyrələrində DNT-nin miqdarı valideyn formalara nisbətən artır. Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, o birinci nəsil bitki hibridlərində heterozis effektinin təbiətinin molekulyar səviyyədə açıqlanmasına kömək edir. A.Bauven və əməkdaşları tərəfindən irəli sürülmüş DNT-nin sabitliyi hipotezindən fərqli olaraq DNT-nin miqdarının hüceyrədə arta bilmə imkanlarını göstərir. Bu mexanizmi əks etdirən təcrübi nəticələr və onların nəzəri əsasları haqqında da kitabda ətraflı məlumatlar verilmişdir. Kinetika reassossasiya metodunun köməyi ilə müəyyən edilmişdir ki, DNT-nin miqdarındakı artım, əsasən, onun kinetik fraksiyası olan aralıq DNT təkrarları hesabına baş verir.