XƏBƏRLƏR
09:31, 30.03.2015
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Misir Ərəb Respublikasında Beynəlxalq kursda iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov Misir Ərəb Respublikasında 14 günlük elmi ezamiyyətdə olmuşdur. O, bu müddətdə Qahirə şəhərində yerləşən Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutunda təşkil olunan “Molekulyar seleksiya ilə bitkilərin yaxşılaşdırılması üzrə Nəzəri və Praktiki kurs” da iştirak etmişdir.

On bir ölkədən 20 gənc tədqiqatçının iştirak etdiyi təlim kursu İtaliyanın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi (İCGEB), Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu (AGERİ), Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) və Almaniyanın Kiel Universitetinin Bitki Seleksiyası İnstitutu tərəfindən təşkil olunmuşdur.

Kursda molekulyar markerlər, onların növləri, marker əsaslı seleksiya, Yeni Nəsil Sekvenserlərinin iş prinsipi, genom seleksiyası, biomüxtəlifliyin qiymətləndirilməsi, Genetik Modifikasiya olunmuş Orqanizmlərin (GMO) alınması və təyini yolları mövzuları üzrə Almaniyanın Kiel Universiteti, İCGEB, AGERİ və İCARDA-nın Biotexnologiya şöbəsinin alimlərinin mühazirələri dinlənilmiş və praktik məşğələlər keçirilmişdir. Bu məşğələlər zamanı molekulyar markerlərin müxtəlif növlərinin iş prinsipi, GMO alınması və təyini, genomun oxunması, tək nukleotid polimorfizminin müəyyənləşdirilməsi, eləcə də asossiativ və genetik xəritələmə üzrə kompyuter proqramları mənimsənilmişdir.

Səfər zamanı həmçinin İCGEB, AGERİ, İCARDA və Kiel Universiteti ilə əməkdaşlığın gücləndirilməsi üzrə danışıqlar aparılmış, yaxın gələcəkdə Azərbaycanda da aqrar biotexnologiya, genomika və molekulyar seleksiya üzrə təlim kurslarının təşkil olunması və beynəlxalq layihələrdə birgə iştirakın detalları müzakirə edilmişdir.

AMEA GEİ ilə Misirin AGERİ arasında əməkdaşlıq müqaviləsinin hazırlanması da razılaşdırılmışdır.

M.Abbasov kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülmüşdür.

 

 

FOTO>>>