Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir. Seminarda institutun doktorantı Səbinə Mehdiyevanın 2409.01- Genetika ixtisası sahəsində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Buğda (Triticum L.) və tritikale (× Triticosecale Wittm.) hibridlərində formaəmələgəlmə potensialının tədqiqi” mövzusunda dissertasiya işi müzakirəyə təqdim edilmişdir. Doktorant dissertasiya işinin mövzusuna uyğun olaraq yumşaq və bərk buğdalarla tritikale arasında cinsarası hibridləşmə ilə yanaşı tritikalenin növarası və növdaxili hibridləşmələrindən alınan hibrid populyasiyalarında formaəmələgəlmə prosesinin tədqiqi üzrə apardığı elmi araşdırmalarından və əldə etdiyi elmi-praktik nəticələr haqda məruzə etmişdir. Elmi seminarın sədri biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov, rəyçilər biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru Sabir Həsənov olmuşdur.