Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının (HGE) mühafizəsi və səmərəli istifadəsi üzrə Respublika seminarı keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) və GEİ tərəfindən təşkil olunan seminarda GEİ-nin və Azərbaycan Respublikası KTN alim və mütəxəssisləri, KTN Aqrar Elm Mərkəzinin heyvandarlıq sahəsində çalışan elmi tədqiqat müəssisələrinin, özəl təşkilatların rəhbər və mütəxəssisləri, fərdi sahibkar və fermerlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan GEİ-nin direktoru, Genetik Ehtiyatlar üzrə Milli Əlaqələndirici, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov heyvan genetik ehtiyatlarının, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin qorunub saxlanmasının mühüm əhəmiyyətindən, bu sahədə koordinasiya işinin gücləndirilməsinin vacibliyindən və GEİ-də aparılan işlərdən danışmış, seminarın işinə uğurlar arzulamışdır.
Seminarı KTN-nin Heyvandarlıq şöbəsinin müdir müavini, heyvan genetik ehtiyatları üzrə milli əlaqələndirici Faxrat Eminov aparmışdır. GEİ-nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov yerli heyvan genetik ehtiyatları haqqında təqdimatla çıxış etmişdir. Seminar iştirakçıları respublika səviyyəsində geniş maraq doğuran digər məsələlərlə birgə HGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Strategiyanın GEİ və KTN-nin mütəxəssisləri tərəfindən hazırlanmış layihəsini müzakirə etmiş, rəy və təkliflərini bildirmişlər. Onlar bu cür tədbirlərin keçirilməsində GEİ-nin göstərdiyi təşəbbüskarlıqdan və yaradılan şəraitdən məmnun olduqlarını bildirmişlər.