Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Mehdiyeva Türkiyənin Antalya şəhərində 5 günlük seminarda iştirak etmişdir.
“Bitkilərin yaxşılaşdırılmasında ən son texnologiyalar” mövzusunda keçirilən seminar İngiltərə Səfirliyinin maliyyə dəstəyi ilə Nyuton Fondunun Tədqiqatçı Əlaqələri layihəsi çərçivəsində təşkil olunmuşdur. Böyük Britaniyanın Vörçester Universitetindən professor Mahmud Tör, Varvik Universitetindən professor Erik Holub, Türkiyənin Sabancı Universitetindən professor Hikmət Budaq və Trakya Universitetindən professor Yalçın Kaya tərəfindən koordinasiya edilən seminarda müxtəlif ölkələrdən 240-a qədər tədqiqatçı iştirak etmişdir. Tədbir bitkilərin yaxşılaşdırılmasında ən son texnologiyaların tətbiqinə aid məlumatları işıqlandırmaqla yanaşı, təcrübəli və gənc tədqiqatçıları bir araya gətirərək bilik və bacarıq mübadiləsinin aparılmasına imkan yaratmışdır. Seminarda assosiativ xəritələmə, QTL xəritələmə, genomun redaktəsi, genomun sekvenslənməsi, axıcı sitometriya və başqa mövzular üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmış və gələcəkdə müştərək layihələrin icrası üçün əməkdaşlıq əlaqələri qurulmuşdur.