XƏBƏRLƏR
16:02, 25.02.2015
AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademiyanın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, 1992- ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinləri məhv edərək insanlığa sığmaz soyqırım aktı törətmişlər. Z.Əkpərov Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğulamış, bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışmışdır.

Tədbirdə Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş olunmuşdur.

 

FOTO>>>