Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görkəmli alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor İdris Axundzadənin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə AMEA Aqrar Elmlər Bölməsinin Akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev açmışdır. Daha sonra GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonaqları salamlamış və alimin zəngin yaradıcılığı və həyat fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Axundzadə İdris Məmməd Hüseyn oğlu 1914-cü ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu və daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. İ.M.Axundzadə 1934-cü ildə akademik N.İ.Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin (sonradan Çay və Subtropik Bitkilər Ümumittifaq Elmi-Tədqiqat İnstitutu) aspiranturasına qəbul edilmişdir. Alim 1939-1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956-1961-ci illərdə İ.M.Axundzadə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956-1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən ömrünün sonuna kimi aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
1965-ci ildə İ.Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, 13 iyun 1966-cı ildə professor adı almışdır. Ümumiyyətlə, İ.Axundzadə elmi fəaliyyət müddətində 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaratmışdır.
İ.Axundzadə tərəfindən 30-a qədər elmlər namizədi hazırlanmışdır.
Professor 200 elmi məqalə, 6 monoqrafiya, 1 dərslik və aqronomlar üçün 3 məsləhət kitabçasının müəllifidir. İ.M.Axundzadənin elmi, təcrübi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki böyük xidmətləri dəfələrlə yüksək dövlət mükafatlarına – Qırmızı Əmək Bayrağı ordeninə, 5 medala, Özbəkistan SSR-in və Əfqanıstanın fəxri fərmanlarına, Əfqanıstanın ali “Ulduz ordeni”nə layiq görülmüşdür.
Məruzədən sonra görkəmli alimin tələbələri, onunla birgə çalışmış həmkarları, o cümlədən ET Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Seleksiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Sadıqov, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev, BDU-nun Genetika və Darvinizm kafedrasının müdiri, professor Rauf Quliyev, ET İpəkçilik İnstitutunun direktoru aqrar elmlər üzrə elmlər doktoru Allahverdi Seyidov və başqaları çıxış etmiş, yubilyarın elmi fəaliyyətindən danışmış,xatirələrini bölüşmüşlər. Sonra AMEA Aqrar Elmlər Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə elm karifeylərinin daim xatırlanmasının vacibliyini vurğulamış, bu gündən sonra da belə tədbirlərin keçirilməsinə bölmənin dəstəyini vəd etmişdir.
Sonda İ.M.Axundzadənin qızı, BDU-nun müəllimi Aelita Axundova ailəsi adından AMEA Rəyasət Heyətinə, AMEA Aqrar Elmlər Bölməsinə, GEİ-nin rəhbərliyinə bu cür gözəl tədbiri keçirdiklərinə görə səmimi təşəkkürlərini bildirmişdir.