Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Öncə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçən 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan institunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına qazanılan azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləmişdir. Daha sonra çıxış edən Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək Azərbaycan xalqına qarşı həyata keçirilən bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını söyləmişdir. Əminliklə vurğulamışdır ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri 25 min il keçsə belə unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır. Tədbirdə həmçinin, biologiya üzrə elmlər doktoru Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru Qədir Qasımov və biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov 20 Yanvar faciəsinin canlı şahidləri kimi həmin gecə baş verən hadisələri tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunmuşdur.