XƏBƏRLƏR
11:26, 25.12.2014
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları ABŞ-da elmi ezamiyyətdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov və şöbənin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-da 24 günlük təlim kursunda iştirak etmişlər.

Kurs Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində ABŞ-ın Kanzas Dövlət Universiteti (KDU) və Kənd Təsərrüfatı Departamentinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında təşkil olunmuşdur. 2014-cü il “Yeni Nəsil Sekvenseri”-nin iş prinsipinin öyrənilməsi məqsədilə həyata keçirilən kursda tədqiqatçılar sekvenserin iş prinsipi, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasına qədər bütün mərhələləri, sekvens üsulu ilə bitki genetik ehtiyatlarında biomüxtəlifliyinin öyrənilməsi metodikasını, o cümlədən nəticələrin bioinformatik və statistik analizi üsullarını mükəmməl öyrənmiş və Azərbaycan dilində təlimat hazırlamışlar. Səfər müddətində ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və KDU ilə yeni nəsil sekvenseri üzrə əməkşdaşlığın gücləndirilməsi və birgə layihələrin hazırlanması da müzakirə edilmişdir.

           Qeyd edək ki, 2014-cü ildə Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində GEİ-də regionda ilk dəfə olaraq, genomika laboratoriyası yaradılmış və ən müasir yeni nəsil sekvenserləri alınaraq quraşdırılmışdır. Hazırkı ezamiyyətdə də əsas məqsəd institutda mövcud olan sekvenserlərin işə salınması üçün tələb olunan metod və qaydaları öyrənmək olmuşdur.

 

 

FOTO>>>

 

©  www.genres.az