Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantları Cəmalə Mürsəlova, Məhəmməd Eldarov, Elçin Hacıyev və Güllər Qədiməliyeva təlim kursunda iştirak etmişlər. 8 günlük kurs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun istehsalının inkişaf etdirilməsi” layihəsi çərçivəsində Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında təşkil olunmuşdur. Doktorantlar FAO-nun rəsmi eksperti Dr. Uluqbex Xotamov tərəfindən həyata keçirilən “Kompüter proqramlarından istifadə etməklə fərqlilik, oxşarlıq, sabitlik və təsərrüfat faydalı əlamətlərə dair bitki sortlarının sınağı üzrə rendomizasiyanın planlaşdırılması, statistik hesablamalar və dispersiya təhlili” adlı təlim kursunda fəal iştirak etmişlər. Onlar əkin sxeminin qurulması, tarla təcrübələrindən əldə olunmuş məlumatların statistik analiz olunması, yeni yaradılmış sortların standart sortlardan nə qədər fərqləndiyinin dispersiya analizi vasitəsilə müəyyən edilməsi haqqında ətraflı məlumatlar əldə etmişlər.
Gənc alimlər kursu müvəffəqiyyətlə tamamlayaraq sertifikata layiq görülmüşlər.