XƏBƏRLƏR
19:41, 28.11.2014
Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi beynəlxalq təşkilatların diqqət mərkəzindədir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Genetik Ehtiyatlar Bölməsinin aparıcı mütəxəssisi Dr.Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının (BGE) sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, Polşalı alim Dr.Yan Konopkanı qəbul etmişdir.

BGE üzrə Beynəlxalq Etimad Fondunun dəstəyi ilə baş tutan görüşdə məqsəd Azərbaycanın BGE üzrə informasiya sistemi və Milli Genbankın məlumat bazası ilə yaxından tanışlıq, sistemin daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası, müvafiq sahələrdə beynəlxalq təşkilatlarla birgə aparılan tədqiqatların və əməkdaşlığın dərinləşdirilməsi olmuşdur.

Z.Əkpərov institutda müvafiq sahələrdə görülən işlər, əldə edilən uğurlarla qonaqları tanış edərək, burada beynəlxalq təşkilatlarla əməkdaşlığa ciddi önəm verildiyini xüsusi vurğulamışdır. Qonaq alimlər GEİ-də və Milli Genbankda informasiya texnologiyalarının intensiv tətbiqindən və yerli mütəxəssislərin işindən məmnun olduqlarını bildirmiş, BGE-nin sənədləşdirilməsi üzrə Azərbaycanda toplanmış zəngin təcrübənin yayılmasının vacibliyinə diqqəti çəkmişlər. Növbəti mərhələdə informasiya sistemində genomiks məlumatlarının, molekulyar səviyyədə aparılan tədqiqatların nəticələrinin yer alması ilə bağlı institutun planlarını alqışlamış, bu işdə beynəlxalq təşkilatların dəstəyinə çalışacaqlarını bildirmişlər.

 

 

FOTO>>>

 

©  www.genres.az