Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Belçikanın Brüssel şəhərində elmi ezamiyyətdə olmuşdur. O, Avropa Komissiyası tərəfindən təşkil olunan Mariya Skladovskaya-Küri proqramının milli əlaqələndiricilərinin 2-ci iclasında iştirak etmişdir.
İclasda Avropa Komissiyasının Horizon-2020 proqramı çərçivəsində elan olunan fərdi əməkdaşlıq qrantlarında (Gənc tədqiqatçılar üçün PhD proqramı, post-doktorantlar üçün Avropa daxili və Qlobal layihələr, Milli əlaqələndiricilər üçün şəbəkə qrantı, COFUND və s.) iştirak etmək üçün layihələrin hazırlanması üzrə məruzələr dinlənilmiş, 2014-cü ildə təqdim edilən layihələrin statistikası açıqlanmışdır. Mariya Skladovskaya-Küri proqramına daxil olan layihələrin 2015-ci ildə yenidən elan olunacağı bildirilmiş və bəzi proqramlarda edilən dəyişikliklər müzakirə edilmişdir.