Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Böyük Britaniyada 5 günlük elmi ezamiyyətdə olmuşdur.
O, Avropa Komissiyasının COST proqramının elmi səfər qrantına layiq görülmüş və Böyük Britaniyanın Genom Analizi Mərkəzində təşkil olunan “Sekvens üsulu ilə genotipləşdirmə - Genotyping by Sequencing (GBS)” adlı beynəlxalq kursda iştirak etmişdir. M.Abbasov səfər müddətində AMEA Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində qurulmuş “Genomika” laboratoriyasının imkanları və eləcə də Azərbaycanda genetika və aqrar biotexnologiya sahəsində əldə edilmiş nailiyyətlər haqqında məruzə ilə çıxış etmişdir. Beynəlxalq kursda sekvenserlərin iş prinsipi, de novo, re-sekvens, RAD sekvens və GBS üçün kitabxanaların hazırlanması, alınan nəticələrin bioinformatik və statistik analizi üzrə Böyük Britaniya və ABŞ-ın tanınmış alimlərinin mühazirələri dinlənilmiş və nəticələrin analizində istifadə olunan ən müasir kompyuter proqramları öyrənilmişdir.
Kursda Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka, Slovakiya, Serbiya, Portuqaliya və Yunanıstanın aparıcı genom və biotexnologiya mərkəzlərində Yeni Nəsil Sekvenserləri ilə işləyən tədqiqatçılar iştirak etmiş, heyvan və bitkilərin genetik identifikasiyası və genomlarının oxunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilmişdir.