XƏBƏRLƏR
20:21, 06.11.2014
Akademik İlyas Abdullayevin 100 illik yubileyi qeyd edildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görkəmli alim və ictimai xadim, AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin 100 illiyinə həsr olunmuş yübiley tədbiri - xatirə günü keçirilmişdir. Xatirə günü AMEA Rəyasət Heyətinin qərarına əsasən təşkil edilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, Akademiyanın müxbir üzv Novruz Quliyev açmışdır. Daha sonra GEİ-nun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonaqları salamlamış və alimin zəngin həyat fəaliyyətindən bəhs etmişdir. O, bildirmişdir ki, İ.Abdullayev 1913-cü ildə dünyaya göz açmışdır. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu, 1934-cü ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək elmi fəaliyyətinə qədəm qoymuşdur. Tanınmış alim 1955-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının  həqiqi üzvü olmuşdur. O, gənc yaşlarından elm sahəsində bir sıra mühüm vəzifələrdə çalışmış, institutlarda elmi işçi, şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat İpəkçilik Stansiyasının  direktoru olmuşdur.Akademik Abdullayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942-1948), Azərbaycan SSR Nazirlər Soveti  Sədrinin müavini (1948-1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950-1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959) vəzifələrində çalışmışdır. Alim elmi nailiyyətlərinə həsr edilmiş 300-ə qədər elmi əsərin müəllifidir. Tanınmış alim 1956-cı ildən ömrünün sonuna kimi Genetika və Seleksiya İnstitutunda (indiki GEİ) şöbə müdiri vəzifəsində çalışmışdır.

          İ.Abdullayevin əməyi bir sıra dövlət mükafatları - “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə qiymətləndirilmişdir.

Tədbirdə daha sonra İpəkçilik İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Əlövsət Sadıqov görkəmli alimin Azərbaycanın ipəkçilik elminin inkişafında xidmətlərindən danışmışdır.

Sonda akademik İ.Abdullayevin yetirmələri olan tanınmış alim və mütəxəssislər yubilyarın elmi fəaliyyətindən danışmış, xatirələrini bölüşmüşlər.

 

 

FOTO >>>

 

©  www.genres.az