Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Cəmalə Mürsəlova Polşada 10 aylıq təlim və tədqiqat proqramında iştirakının nəticələrinə dair seminarda çıxış etmişdir. O, “Yumşaq buğda genotiplərində genetik müxtəlifliyin və quraqlığa davamlılığın müxtəlif molekulyar markerlərlə qiymətləndirilməsi” adlı hesabat tədbirində xatırlatmışdır ki, tədqiqatlar Polşanın Varşava Təbiət Elmləri Universitetinin “Bitki Genetikası, Seleksiyası və Biotexnologiyası” şöbəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus Mundus ALRAKİS II” fəaliyyət proqramı çərçivəsində həyata keçirilmişdir.
C.Mürsəlova dissertasiya işinin planına uyğun olaraq Professor Monika Rakoczy Trojanovskanın rəhbərliyi ilə yumşaq buğda genotiplərində genetik müxtəlifliyi və quraqlığa davamlılığı müxtəlif molekulyar markerlərlə tədqiq etmişdir.
Doktorant mövzu üzrə yerinə yetirdiyi tədqiqat işləri haqqında ətraflı məlumat vermişdir. Genetik müxtəlifliyin qiymətləndirilməsində, genom səviyyəsində mövcud olan polimorfizmi müəyyən etməkdə molekulyar marker texnologiyasının əhəmiyyətini qeyd edərək, öz tədqiqat işində istifadə etdiyi yüksək polimorfluğu ilə fərqlənən, genomda daha çox rast gəlinən 20 SSR markeri ilə 48 yumşaq buğda genotipinin səciyyələndirilməsindən alınmış nəticələri diqqətə çatdırmışdır. Daha sonra tədqiqatçı quraqlığa davamlılıq genlərinin ekspressiyasının tənzimlənməsində rol oynayan bəzi transkripsiya faktorları, onları kodlaşdıran genlərə müvafiq gen-spesefik praymerlərin dizaynı haqqında məlumat verərək, TdicDRF1 transkripsiya faktorunu kodlaşdıran genin nukleotid ardıcıllığının nəticələrini təqdim etmişdir. C.M.Mürsəlova alınmış nəticələrə əsasən yeni nəsil markerlər hesab olunan SNP markerlərin dizaynının mümkünlüyünü vurğulamışdır.
Gənc alim seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatların nəticələri geniş müzakirə olunmuşdur.