Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Sankt-Peterburqda “Mədəni bitkilərin sistematikası və təkamül problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişdir. Biologiya üzrə elmlər doktoru, professor Naib Əminov 2 günlük tədbirdə məruzə ilə çıxış etmişdir. N.Əminov “Buğda genofondunun zənginləşdirilməsi yolları” mövzusu ilə çıxışında üçcinsli mürəkkəb hibridlərin yaradılmasını və onların buğda ilə hibridləşməsini buğda genofondunun zənginləşdirilməsi yollarından biri kimi təqdim etmişdir. O, belə çarpazlaşmaların effektivliyini göstərərək, yaradılmış yeni stabil formaların molekulyar-sitogenetik tədqiqi haqqında müfəssəl məlumat vermişdir. Bildirmişdir ki, bu tədqiqatlar nəticəsində həmin formalarda əsaslı xromosom dəyişikliklərinin – xromosom əvəzolunmalarının və translokasiyalarının baş verdiyi aşkar edilmişdir. Nəticələri əks etdirən mikrofotoşəkillər konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır. Məruzə böyük maraqla qarşılanmış, çoxsaylı suallar cavablandırılmışdır.
Tədbirdə Qazaxıstan, Slovakiya, Çexiya, Özbəkistan, Rusiya, Ukrayna və başqa ölkələr də təmsil olunmuşlar.