Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitunun doktorantı Vəfa Rüstəmova Türkiyənin Adana şəhərində yerləşən Çukurova Universitetində bitki genetikası sahəsində 1 aylıq təcrübə keçəcəkdir. Kənd təsərrüfatı fakültəsinin tarla bitkiləri kafedrasında təşkil olunan kurs müddətində Azərbaycan Milli Genbankında saxlanılan 60 payızlıq buğdanın molekulyar markerlərlə identifikasiyası aparılacaq, genetik müxtəlifliyi müəyyən ediləcək, keyfiyyət əlamətlərinin assosiativ xəritələnməsi və genlərin skrininqi aparılacaqdır.
Kurs bu il noyabrın 1-də başlayacaq və gənc alimin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyinə layiq görülmüş “Payızlıq buğda genotiplərində keyfiyyət əlamətlərinin assosiativ xəritələnməsi və keyfiyyətə nəzarət edən genlərin skrininqi”layihəsi çərçivəsində həyata keçiriləcəkdir.
Bu istiqamətdə iş ilk dəfə aparılacaq və nəticələr əsasında keyfiyyətli nümunələr seçiləcəkdir.