Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı, dünya şöhrətli professor Karl Hammeri qəbul etmişdir.
“Springer” nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində ən tanınmış jurnal olan “Genetik ehtiyatlar və bitki təkamülü”nün baş redaktoru K.Hammer institutun seminarında aqrobiomüxtəlifliyin qorunması, saxlanılması və genetik identifikasiyası mövzusu üzrə çıxış etmiş, bu sahə üzrə Almaniya və Türkiyədə çalışmış məşhur azərbaycanlı professor Mirzə Gökgöl haqqında məlumat vermiş, onun dünya elminə verdiyi töhfələr barədə danışmışdır. Sonra Mirzə Gökgölün müəllifi olduğu “Buğdanın növ müxtəlifliklərinin siyahısı” və digər əsərlərini nümayiş etdirmiş, alimlərin suallarını cavablandırmışdır.
Seminar zamanı M.Gökgöl haqqında kitabın yazılması və onun müəllifi olduğu əsərlərin Azərbaycan dilinə tərcümə olunması geniş müzakirə edilmişdir. O, M.Gökgöl ilə bağlı müfəssəl məlumatların toplanılmasında xüsusi əməyi olan Genetik Ehtiyatlar İnstitutunun dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Gəraybəyovanın fəaliyyətini yüksək qiymətləndirmişdir.
Daha sonra, K.Hammer Milli Genbank və digər şöbələrlə yaxından tanış olmuş, gələcəkdə genetik ehtiyatların toplanması üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Görüş çərçivəsində professor institut alimlərinin “Genetik Ehtiyatlar və Bitki təkamülü” jurnalındakı məqalələri ilə də tanış olmuş və gələcəkdə jurnala daha çox məqalələrin təqdim edilməsini tövsiyə etmişdir.