Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova və institutun doktorantı Cəmalə Mürsəlova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus Mundus ALRAKİS II” fəaliyyət proqramı çərçivəsində Polşada - Varşava Təbiət Elmləri Universitetinin “Bitki Genetikası, Seleksiyası və Biotexnologiyası” şöbəsində 10 ay müddətində bitki genetikası və molekulyar biologiya sahəsi üzrə beynəlxalq tədqiqat və təlim proqramında iştirak etmişlər.
S.Şərifova fərdi tədqiqat planına uyğun olaraq, Dr. Hanna Bolibok Bragoszevskanın rəhbərliyi ilə müvafiq elmi metodikaları mənimsəmiş,çovdarın “DArT” sekvenslərində SSR motivlərin axtarılması və onların amplifikasiyası üçün müvafiq praymerlərin dizaynı üzrə tədqiqat işi apararaq yaxşı nəticələr əldə etmişdir. O həmçinin polimorf markerlərin müəyyənləşdirilməsi kimi müxtəlif molekulyar metodlara, bioinformatika proqramlarının istifadəsi sahəsində bilik və vərdişlərə yiyələnmişdir.
C.Mürsəlova dissertasiya işinin planına müvafiq olaraq, professor Monika Rakoczy Trojanovskanın rəhbərliyi ilə bir sıra müasir metodikaları mənimsəmiş, müxtəlif mənşəli yumşaq buğda nümunələrində genetik müxtəlifliyin SSR markerlərlə qiymətləndirilməsi, TdicDRF1 transkripsiya faktorunu kodlaşdıran genin gen-spesefik praymerlərlə amplifikasiyası və sekvens olunmuş gen fraqmentində SNP-lərin (tək nukleotid polimorfizmi) müəyyənləşdirilməsi sahəsində tədqiqat işləri aparmışdır.
Proqram müddətində hər iki əməkdaş həmçinin Universitetdə keçirilmiş müxtəlif elmi tədbirlərdə, seminarlarda iştirak edərək məruzələrlə çıxış etmişlər.
S.Şərifova və C.Mürsəlova tədqiqat və təlim proqramını müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülmüşlər.