XƏBƏRLƏR
23:44, 15.09.2014
Vaşinqton Dövlət Universiteti ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında elmi əlaqələr genişlənməkdədir

ABŞ-nin tanınmış alimi, Vaşinqton Dövlət Universitetinin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, professor Hanu R.Pappunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) dəvəti ilə, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində Azərbaycanda səfərdə olmuşdur.

Səfərin gedişində GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov dünya şöhrətli alimi qəbul etmişdir. Görüşdə ikitərəfli elmi əlaqələrin gələcək inkişafı, beynəlxalq tədqiqat proqramlarında birgə iştirak, gənc kadrların hazırlanmasında ABŞ alimlərinin dəstəyi, elmi mübadilə və s. bu kimi məsələlər müzakirə edilmişdir. Professor R.Pappunu GEİ-də aparılan müasir tədqiqatlarla, burada yaradılmış yeni laboratoriyalar və gənc alim potensialı ilə tanışlıqdan məmnun olduğunu bildirmişdir.

Səfər dövründə qonaq alimin rəhbərliyi ilə “Virusların bioloji və molekulyar xüsusiyyətləri” mövzusunda AMEA və Kənd Təsərrüfatı Nazirliyi institutlarının alim və mütəxəssislərinin iştirakı ilə Milli Seminar təşkil edilmişdir.

 

 

©  www.genres.az

 

 

 

FOTO>>>