XƏBƏRLƏR
16:22, 11.09.2014
Genetik Ehtiyatlar İnstitutunun doktorantı Türkiyədə təlim kursu keçib

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Güllər Qədiməliyeva Beynəlxalq Qarğıdalı və Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Təşkilatın (CIMMYT) Türkiyənin Ankara şəhərində yerləşən tədqiqat mərkəzində 2 aylıq təlim kursu keçib.

Gənc alim təlim çərçivəsində buğda bitkisinin vegetasiya müddətində müxtəlif göstəricilərinin qiymətləndirilməsi, buğdada geniş yayılmış xəstəliklərin tarla və laboratoriya şəraitində tədqiqi, seleksiyada istifadə olunan seçmə metodlarını mənimsəyib. O, bu müddət ərzində beynəlxalq genbanklardan götürülmüş sintetik payızlıq buğda nümunələrini Türkiyənin müxtəlif torpaq-iqlim şəraitlərində qiymətləndirərək, onların içərisindən abiotik və biotik stress amillərinə davamlı olan 80 nümunə seçib. Həmin nümunələr 3 il müddətində Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitlərində də qiymətləndiriləcək.

Təlim Ankarada Tarla Bitkiləri Mərkəzi, Konyada Bahri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu, Eskişehir Tarla Bitkiləri Elmi-Tədqiqat İnstitutunda tədqiqat işləri üzərində aparılıb.

G.Qədiməliyeva təcrübə müddəti ərzində Fiziologiya kursunda da iştirak edib. Kursu çərçivəsində bitkilərdə su nəqli xüsusiyyətləri, xlorofil miqdarı, müxtəlif vegetasiya göstəricilərinin normallaşdırılması, bitkilərdə əsas inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, dən məhsuldarlığı və məhsul komponentləri, mövsümi zərərin morfoloji xüsusiyyətlərinin nəzəri və praktikası mövzusunda biliklərə yiyələnib.

 

©  www.genres.az

 

 

FOTO>>>