14:07, 17.06.2014
Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov Avropa alimləri ilə görüşmüşdür
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Fransanın İNRA (Milli Aqronomik Araşdırmalar Mərkəzinin) təşkilatının gilas üzrə tədqiqat qrupunun rəhbəri Dr. Joze Qarsiya, İspaniyanın Aqrar Tədqiqatlar üzrə Mursiya İnstitutunun alimi Qreqorio Lopez və Almaniyanın Julius Kühn İnstitutunun (Becərilən Bitkilər üzrə Alman Federal Araşdırmalar Mərkəzi) gilas üzrə seleksiyaçı alimi Dr. Mirko Şusteri qəbul etmişdir. Alimlər Avropa Komissiyasının Mariya Küri tədqiqatçı mübadiləsi proqramı, həmçinin elm və texnologiya üzrə Avropa əməkdaşlıq proqramları çərçivəsində Azərbaycana səfər etmişlər.
Görüş zamanı Avropanın layihələrində birgə iştirak etmək, həmçinin institutun Avropanın elm və texnologiya üzrə əməkdaşlıq proqramına qoşulması imkanları müzakirə edilmişdir. Müştərək tədqiqatların aparılması və kadr hazırlığı sahəsində müəyyən razılaşmalar əldə edilmişdir.
Görüşdən sonra qonaqlar institutda “Klassik Seleksiyadan Marker Əsaslı Seleksiyaya doğru” mövzusu üzrə seminarda çıxış etmişlər.
Avropalı alimlər iyunun 22-nə qədər institutda müəyyən tədqiqatların aparılmasında iştirak edəcəklər.