Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Bakı Dövlət Universitetinin “Təkamül təlimi” kafedrasının filialı yaradılmışdır.
Məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının daha da gücləndirilməsi, genetika, biotexnologiya, seleksiya və toxumçuluq elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, BDU və GEİ arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə təşəbbüslərin formalaşdırılması və inkişaf etdirilməsidir.
Filial bu il aprelin 18-də AMEA-nın ümumi yığıncağında qəbul olunmuş qərar, GEİ-nin BDU ilə uzun illər ərzində elm və təhsil sahəsində uğurlu əməkdaşlığı, institutda müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyalarının mövcudluğu, genetika, biotexnologiya, seleksiya və toxumçuluq ixtisasları üzrə xaricdə təhsil almış gənc kadrların olması nəzərə alınaraq yaradılmışdır.