26 aprel 2014-cü il tarixində Dövlət Gömrük Komitəsinin və AMEA Genetik Ehtiyatlar İnstitutunun mütəxəssislərinin iştirakı ilə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda “Genetik modifikasiya olunmuş genetik materialların Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilməsi və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması qaydaları” mövzusunda seminar təşkil edilmişdir.
“Genetik modifikasiya olunmuş genetik materialların Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilməsi və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması qaydaları” mövzusunda təşkil olunmuş seminarda Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru Cavad Qasımov bildirmişdir ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının qanununda genetik modifikasiya olunmuş (GMO) bitkilərin ölkəyə gətirilməsi qadağan olunmuşdur. Odur ki, qanunun icrası məqsədilə genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinin qarşısının alınmasında müvafiq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olduqca əhəmiyyətlidir.
Tədbirdə AMEA GEİ-nin direktoru, Elmi-Texniki Şuranın sədri, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov “Genetik ehtiyatlar, onların qorunması, saxlanılması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması”, AMEA GEİ-in elmi işlər üzrə direktor müavini, Genetik modifikasiya olunmuş bitkilər üzrə ekspert şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov “Genetik modifikasiya olunmuş Bitkilər üzrə mövcud qanunvericilik”, ARDGK Mərkəzi Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə “Genetik modifikasiya olunmuş genetik materialların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması”, AMEA GEİ-nin böyük elmi işçisi, Genetik modifikasiya olunmuş bitkilər üzrə ekspert şurasının üzvü, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi “GMO və onun molekulyar genetik identifikasiyası” mövzuları üzrə məruzə ilə çıxış etmişlər.
Sonda gömrük işçilərini maraqlandıran suallar cavablandırılmış və GMO-nun operativ təyini üzrə müzakirələr aparılmışdır. GMO-nun təyini və kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsi razılaşdırılmışdır.