XƏBƏRLƏR
23:36, 09.04.2014
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda "Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları" mövzusunda II Beynəlxalq Simpozium öz işinə başlamışdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda "Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları" mövzusunda II Beynəlxalq Simpozium öz işinə başlamışdır. Aprelin 12-nə qədər davam edəcək tədbirdə dünyanın 15 ölkəsindən, o cümlədən Türkiyə, İran, Almaniya, ABŞ, Gürcüstan, həmçinin bir neçə beynəlxalq təşkilatı təmsil edən 80-ə yaxın alim iştirak edir.

Beynəlxalq toplantını giriş sözü ilə açan Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov bildirmişdir ki, tədbir qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi, aqroekosistemlərin deqradasiyaya uğradığı bir dövrdə dünya əhalisinin sağlam qida və təsərrüfat məhsullarına artan tələbatının ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında meyvə bitkilərinin genetik ehtiyatlarından səmərəli istifadə kimi ümumdünya əhəmiyyətli bir mövzuya həsr olunmuşdur. O, bu istiqamətdə Azərbaycanda aparılan tədqiqatlardan və dövlət islahatlarından bəhs etmişdir.

Simpoziumun açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov tədbirin əhəmiyyətindən, Azərbaycanda elm və təhsilə göstərilən diqqət və qayğıdan, burada dinləniləcək məruzələrin aktuallığından danışmışdır.

Sonra, son illər meyvə bitkilərinin genetik müxtəlifliyinin, xüsusən yabanı əcdadların mühafizəsi, toplanması, qiymətləndirilməsi, seleksiyada və bitki yaxşılaşdırılması proqramlarında səmərəli istifadəsi sahəsində aparılmış elmi tədqiqatların nəticələri, digər fundamental problemləri əhatə edən məruzələr dinlənilmişdir.

Tədbirdə Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin bölmə müdiri, tanınmış italiyalı meyvəçi alim Damiano Avanzato təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söhbət açmışdır.

Damiano Avanzato Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin prezidenti adından bu mötəbər tədbirin təşkilində xidmətlərinə görə Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərova təşəkkürnamə və medalı təqdim etmişdir.

Tədbirdən sonra Bakının görməli yerlərinə və Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olunmuşdur.