Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev ABŞ-da 3 aylıq tədqiqatlarının nəticələrinə dair seminarda çıxış etmişdir. O, “Dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərinin molekulyar genetik tədqiqi” adlı hesabat tədbirində xatırlatmışdır ki, tədqiqatlar Vaşinqton Dövlət Universitetində (VDU) ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində həyata keçirilmişdir. E.Mustafayev universitetin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, dünya şöhrətli alim, professor Hanu R.Pappunun rəhbərliyi altında dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərini tədqiq etmişdir. Araşdırmalar nəticəsində dənli taxıl bitkilərində yeni viruslar aşkarlanmış, onların müəyyən edilməsi üçün yeni praymerlər dizayn olunmuş və müasir metodika işlənib hazırlanmışdır.
Gənc alim seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatların nəticələri geniş müzakirə olunmuşdur. İnstitutun direktoru aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və İmmunogenetika şöbəsinin müdiri, biologiya elmləri doktoru Hacı Şıxlinski tədqiqatlarla bağlı öz təkliflərini bildirmişlər.
© www.genres.az